1-ci Almaniya-Azərbaycan Biznes Dialoqu

28.11.2018  Berlində təşkil edilmiş 1-ci Almaniya-Azərbaycan Biznes Dialoqunda 100-dən çox Azərbaycan və Almaniya şirkətinin iştirakı ilə iki ölkənin işgüzar dairələri arasında əməkdaşlığın genişləndirilməsi, potensial tərəfdaşlarla ikitərəfli əlaqələrin qurulması və biznes imkanları müzakirə edilib. Tədbirdə çıxış edənlər – Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov,  Almaniya Bundestaqının deputatı Mark Hauptman, Almaniyanın Federal İqtisadi İşlər və Energetika Nazirliyinin dövlət katibi Tomas Barays və digərləri yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığın genişlənməsində mühüm əhəmiyyətini vurğulayıb, ölkələrimiz arasında iqtisadi-ticarət münasibətlərinin inkişaf etdiyini, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolunu qeyd ediblər. Diqqətə çatdırılıb ki, Azərbaycan Almaniyanın Cənubi Qafqazda əsas iqtisadi və ticarət tərəfdaşıdır, ölkələrimiz arasında iqtisadi münasibətlərin genişləndirilməsində Alman-Azərbaycan Xarici Ticarət Palatasının, Azərbaycan-Almaniya Ticarət və İnvestisiyalar üzrə Yüksək Səviyyəli İşçi Qrupun rolu əhəmiyyətlidir.